24 dekabr tarixdə Four Seasons Hotelində Milli İnternet Mükafatı – Milli Net 2013 qaliblərinin təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək artıq 5-ci il keçirilən Milli Net 2013 haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O “İKT ili” elan olunan cari ildə Milli Net-ə marağın daha da artdığını və ölkədə İnternetin inkişafı istiqamətində dövlət tərəfindən də ciddi addımların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Azercell və Delta Telekom şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırıb.
Təqdimat mərasimində RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov çıxış edərək Azərbaycan İnternetinin inkişafı istiqamətində Milli İnternet Mükafatının rolunu müsbət dəyərləndirib və bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkədə İnternetin və ümumiyyətlə İKT sektorunun inkişafı istiqamətində son dövrlərdə ciddi addımlar atıldığını qeyd edib .
Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, son dövrlərdə Mobil İnternetin ölkədə ciddi inkişaf etdiyinə diqqət çəkərək, İnternetin inkişafında maraqlı olduqlarını və gələcəkdə də bu istiqamətdə atılan addımlara dəstək verəcəklərini bildirib.
SİNAM şirkətinin direktoru Elçin Əliyev çıxış edərək ölkədə son dövrlərdə İKT sektorunda xeyli irəliləyişlərin olduğunu, gənclərin İKT sahəsində fəallığının artmasında Milli Net-in mühüm rol oynadığını bildirib. O,təmsil etdiyi şirkətin hər zaman gənclərə dəstək olduğunu qeyd edib
AİF üzvü və Milli Net Münsiflər Komissiyasının üzvü Ələsgər Məmmədli çıxış edərək qiymətləndirmə haqqında və Münsiflər Heyətinin gördüyü işlər haqqında məlumat verib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli Net-in Azərbaycan İnternetinin inkişafında ciddi əhəmiyyət daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, Azercell və SİNAM şirkətlərinin qiymətli hədiyyələri də təqdim olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı millinet.az da yerləşdirilib.
Təqdimat mərasimi Yurd TV tərəfindən İnternetdə birbaşa yayımlanıb.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.
Milli Net-in Baş sponsoru Azercell şirkətidir.
Milli Net-ə RİTN və DeltaTelecom şirkətləri dəstək veriblər.
Təqdimat mərasimindən hazırlanan geniş fotolar
https://www.facebook.com/media/set/?set=a.645051335534306.1073741827.299129120126531&type=1
Milli Net TK
www.millinet.az