Azərbaycan İnternet Forumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurası ilə birgə “İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirəcək.
Tədbir internet media qurumlarının fəaliyyətində mövcud və yarana biləcək kibertəhlükələr və onların aradan qaldırılması yolları ətrafında müzakirələr aparmaq və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunur.
Həmçinin tədbirdə kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici qurum olan dövlət orqanı – Elektron Təhlükəsizlik Mərkəzinin informasiya təhlükəsizliyinin qorunması istiqamətində gördüyü işlər və gələcək fəaliyyət istiqamətləri haqqında məlumatlar veriləcək.
“Dəyirmi masa”da ölkənin xəbər portallarına, internet media resurslarına virtual hücumlar və “informasiya terroru” ətrafında, “DDoS” hücumların mahiyyəti və ondan qorunmaq yolları ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur. İnformasiya təhlükəsizliyi sahəsində ekspertlərin iştirakı ilə keçiriləcək tədbirdə İnternet Medianın informasiya təhlükəsizliyinin qorunması üçün zəruri olan tədbirlər haqqında tövsiyələr səsləndiriləcək.
Tədbirdə xəbər portallarının redaktorları və təhlükəsizliklə bağlı məsul şəxslərin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, tədbirin növbəti ayın əvvəlində keçirilməsi planlaşdırılıb. (ictnews.az)