Milli Televiziya və Radio Yayımı Şurasının rəhbərliyi tərəfindən Azərbaycan İnternetinin tənzimlənməsi ilə bağlı dövlət qurumunun yaradılması haqqında, İnternetdə yayımlanan informasiyalara adı çəkilən qurum tərəfindən nəzarət edilməsinin vacibliyi haqqında çıxışları cəmiyyətdə ciddi narahatçılıq yaradıb. Xüsusilə mövcud qanunda nəzərdə tutulduğu qaydada tele-radio fəaliyyəti ilə məşğul olmayan, dövlətə məxsus tezlik resursundan istifadə etməyən milli internet subyektlərin fəaliyyətinə adı çəkilən qurum tərəfindən müdaxilə cəhdlərinin nəinki qanunla müəyyən edilən səlahiyyət həddini aşmaq, eyni zamanda Azərbaycanın beynəlxalq imicinə daha bir zərbə kimi dəyərləndirmək olar. AİF bir daha bəyan edir ki, tənzimlənməsi zəruri olan tezlik resurslarından istifadə edilmədiyi, mövcud qanunvericilikdə nəzərdə tutulan tele-radio fəaliyyəti gerçəkləşdirmədiyi milli internet subyektlərindən lisenziya tələb etmək absurd bir addım olardı. Eyni zamanda hazırda Qlobal şəbəkədə minlərlə belə subyektlərin gecə-gündüz fiziki olaraq dünyanın istənilən yerindən informasiya yaydıqlarını nəzərə alsaq bu cür çağırışların əslində dolayısı ilə İnternetdə senzuranın tətbiqinə çağırış kimi də dəyərləndirmək olar. Çünki İnternetdə fəaliyyət göstərən TV və Radioların fəaliyyətini yalnız bu üsulla məhdudlaşdırmaq olar. İnhisarçılığın olduğu Azərbaycan İnternetində təəssüf ki, bunu gerçəkləşdirmək o qədər də problem yaratmayacaq.
AİF bütün bunları, dövlət qurumu tərəfindən İnternetə əsasız müdaxilə, söz və informasiya azadlığının, habelə, informasiya mübadiləsi sahəsində ölkə konstitusiyasının tələblərinin və beynəlxalq hüquq normalarının pozulması hesab edir və bu cür halların dərhal qarşısının alınmasını tələb edir. AİF xatırladır ki, dövlət məmurları tərəfindən öz səlahiyyət həddini aşaraq gerçəkləşdirilən bu kimi hərəkətlər sonda Azərbaycanın beynəlxalq imicini ciddi zərbə altında qoya bilər. Azərbaycan İnternetində ali hakimiyyət səviyyəsində heç bir siyasi, ideoloji və texnoloji senzura tətbiq edilmədiyi bir şəraitdə də bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycanın adının “qara siyahılara” salınmasına cəhdlər edildiyini nəzərə alsaq, bunun daha ağır nəticələr verəcəyini indidən görmək olar.
AİF bəyan edir ki, hazırda ölkədə hüquqi dövlət quruculuğu prosesi gedir. Odur ki, vəzifəsindən asılı olmayaraq hər bir şəxs yalnız qanunlara tabe olmalı, hüququn üstünlüyü prinsipini qorumalıdır.
AİF
Tel:492-44-44
Veb: www.cit.az