Azərbaycan İnternet Forumu İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda cari ilin noyabr ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı məsələ müzakirə olunub.
Toplantıda adı çəkilən Forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Forumun Azərbaycan İnternetinin inkişafı üçün də faydalı olacağı və inkişafa təkan verəcəyi diqqətə çatdırılıb.
AİF hesab edir ki bu cür yüksək səviyyəli beynəlxalq toplantıda Azərbaycanın son illərdə İKT və xüsusilə İnternet sahəsində əldə etdiyi uğurların təqdim edilməsi, digər ölkələrlə təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar əldə olunacaq.
Bununla belə IGF-nin İnternetə aid müxtəlif problemlərin müzakirəsi ilə bağlı həm beynəlxalq, həm də milli platforma olmasını nəzərə alaraq AİF Forum ərəfəsində hökumət, eləcə də cəmiyyət üçün Azərbaycan İnternetinin spesifik problemlərinin də diqqətə çatdırılmasının əhəmiyyətli olacağını düşünür.
AİF ümid edir ki, bu cür sanballı beynəlxalq tədbirin keçirildiyi ərəfədə hökumətin və İnternet ictimaiyyətinin səylərinin Azərbaycan İnternetinin aktual problemlərinin həlli istiqamətdə gücləndirilməsi ölkədə İnternetin inkişafına ciddi təkan verəcək.
AİF-in toplantısında Azərbaycan İnternetinin inkişafını ləngidən əsas problemlər və inkişafa təkan verəcək məsələlər ətrafında fikir mübadiləsi də aparılıb və ölkənin İnternet ictimaiyyətinin fəallığının artırılmasının faydalı olacağı bildirilib. Xüsusən milli domen adının (.az domeninin) qeydiyyatı, regionlarda internetə əlçatımlıq, İnformasiya təhlükəsizliyi, o cümlədən uşaqların təhlükəsizliyinin qorunması, elektron hökumət quruculuğu və İnformasiya açıqlığı sahəsində problemlərin aktual olması diqqətə çatdırılıb. Bununla bağlı hökumətə və cəmiyyətə müraciətin hazırlanması, cari ilin oktyabr ayında geniş ictimai müzakirənin keçirilməsi vacib hesab olunub.