AIF bildirir ki, son günlər www.eqreb.com internet resursuna girişin ölkə ərazisindən mümkün olmaması ilə bağlı məlumatlar yayılıb. Bir sıra media və ictimai qurumlar adı çəkilən resursa girişin hökumət tərəfindən bloklanması və bununla da ölkədə İnternet senzuranın tətbiqi haqqında fikirlər səsləndiriblər.
AİF –in araşdırmaları göstərib ki, həqiqətən də son günlərdə ölkə istifadəçiləri adı çəkilən resursdan ümumiyyətlə istifadə edə bilməmişlər. Adı çəkilən resursa digər ölkələrin ərazisindən giriş sərbəstdir.
Son bir neçə gündə AİF -in mütəxəssisləri və bir sıra ekspertlər tərəfindən baş verən məhdudiyyətin mahiyyətinin araşdırılması, problemləri törədən səbəblərin müəyyən edilməsi istiqamətində intensiv işlər aparılmışdır.
AİF tərəfindən ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkətinə rəsmi müraciət edilmişdir. Delta Telekom AİF-in sorğusuna əsasən şifahi olaraq bildirib ki, onlar tərəfindən adı çəkilən resursla bağlı heç bir süni maneçilik yaradılmayıb. Qurum bu tip bloklanmanın yalnız məhkəmə qərarları vasitəsilə gerçəkləşdiyini bildirib. Delta Telekom şirkətinin mütəxəssisləri problemin www.eqreb.com saytının serverində olan texniki problemlərlə bağlı ola biləcəyini vurğulayıblar.
AİF tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, adı çəkilən resursun yerləşdiyi serverlə ölkə ərazisində ping və traceroute signalları vasitəsilə əlaqə mümkündür. AİF təəssüflə bildirir ki, adı çəkilən resursun sahibləri anonim qalmaq istədiklərindən onlarla əlaqə saxlamaq və ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Araşdırmaların nəticəsi olaraq bir sıra ekspertlər problemin 2-ci səviyyəli provayderlər tərəfindən də edilə biləcəyi versiyasını irəli sürüblər. Aparılan araşdırmalar problemin birmənalı şəkildə ölkə ərazisindən həyata keçirilməsini müəyyən etmək üçün yetərli olmamışdır .
AİF təəssüflə bildirir ki, problemin mahiyyəti və səbəbləri ilə bağlı yetərli və düzgün məlumat verilmədiyindən həqiqətə uyğun olmayan informasiyaların da yayılmasına zəmin yaradıb. Bu tip hadisələrin təcrübəsinə əsaslanaraq AİF bildirir ki, ciddi və hərtərəfli araşdırmalar aparılmadan ölkədə internet senzuranın mövcudluğu haqqında fikirlər səsləndirmək yolverilməzdir.
AİF xatırladır ki, heç bir hüquqi əsaslar olmadan, həmçinin, texniki-texnoloji problemlərin yaşanması üçün ciddi əsaslar olmadığı bir şəraitdə hər hansı informasiya resurslarına girişin mümkün olmaması vətəndaşların informasiya azadlığının, normal informasiya mübadiləsi aparmaq hüququnun pozulmasıdır.
AİF problemlə bağlı Delta Telekom şirkətinin rəsmi münasibət bildirməsini, problemin mahiyyəti və aradan qaldırılması istiqamətində müstəqil ekspertlərlə birgə ciddi tədbirlərin görülməsini zəruri hesab edir.
Eyni zamanda AİF bildirir ki, bu problem AİF-in gündəmində saxlanılacaq və araşdırmalar davam etdiriləcək. Araşdırmaların nəticələri haqqında ictimaiyyətə məlumat veriləcək.
AİF bildirir ki, istənilən halda vətəndaşların informasiya hüququnun əngəllənməsi, normal informasiya mübadiləsinin hüquqi əsaslar olmadan pozulması yolverilməzdir.
AİF
Tel : 492-44-44
Veb: http:// www.aif.az
Email: info@cit.az