AIF-in prezidenti , “Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz ölkədə informasiya təhlüksəzliyinə dair mətbuat konfransı keçirib.
Birlik rəhbəri bu il sentyabrın 26-da dövlət başçısı İlham Əliyevin ölkədə informasiya təhlükəsizliyinin təkmilləşdirilməsilə bağlı sərəncam imzalamasını yada salıb. Buna qədər dövlət qurumları saytlarının bir mərkəzdə toplanması qeyd edilib, dövlət qurumlarının internet resurslarına verilən tələblərlə bağlı imzalanan sərəncamlar barədə danışılıb. İnformasiya təhlükəsizliyilə bağlı yaradılan agentlik bu sərəncamların zirvəsi sayılıb.
Osman Gündüz bu sənədləri hökumətin bu sahəyə ciddi yanaşmasının göstəricisi kimi dəyərləndirib. Agentlik dövlət qurumlarının internet resurslarının monitorinqini aparır, texniki dəstək verir və kadr hazırlığı ilə məşğul olur. Eyni zamanda bu məqsədlə dövlət büdcəsində vəsait nəzərdə tutulur ki, indiyə kimi büdcədən belə vəsait ayrılmırdı. Ekspert bu addımların dövlət qurumlarının informasiya təhlükəsizliyi sahəsində boşluqların aradan qaldırılması kimi dəyərləndirib.
Qeyri-dövlət internet resurslarının təhlükəsizliyi isə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi tərkibində yaradılan İnformasiya Təhlükəsizliyi Mərkəzinə həvalə edilir. Mərkəzin qeyri-dövlət qurumlarının internet resurslarına informasiya təminatı, metodiki və texniki dəstək verməsi istiqamətində fəaliyyət göstərməsi nəzərdə tutulur.
Osman Gündüz mərkəzin səmərəli fəaliyyəti üçün Əsasnamə yaradılmasının vacibliyinə diqqət çəkib. Həm də bu Əsasnamənin vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı ilə hazırlanmasının zəruriliyini vurğulayıb.
Video ilə burada tanış ola bilərsiniz (http://www.cit.az/video/etm-nin-esasnamesi-ictimaiyyetin-istiraki-ile-hazirlanmalidir/)