Bakıda bu mövzuda dəyirmi masa keçirilib
Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), USAİD (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) təşkilatı, Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri” mövzusunda dəyirmi masa keçirib. Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, adıçəkilən qanunun müzakirəsi zəruridir və o, bu müzakirələrdə bütün tərəflərin dinləniləcəyini söyləyib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanması, əhəmiyyəti, beynəlxalq qurumların bu məsələdəki mövqeyi ilə bağlı çıxış edərək Azərbaycan hökumətinin adıçəkilən qanunun və onun icrası ilə bağlı mövqeyini açıqlayıb. Tədbirdə USAİD-in Azərbaycan demokratiya və idarəçilik ofisinin direktoru Ronald Qlas, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əli Hüseynli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Amerika Hüquqşünaslar Assosiyasiyasının Azərbaycan üzrə ölkə nümayəndəliyinin rəhbəri Robert Stir, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay və digərləri mövzu ilə bağlı məruzə ediblər. Səfir Koray Tarqay bildirib ki, ATƏT-in təməl prinsipləri arasında media və söz azadlığı əsas yer tutur: ”İllərdir ki, bu məsələ Azərbaycanda müzakirə edilir. Hesab edirəm ki, artıq Milli Məclisdə bu barədə ciddi müzakirələr keçirilməlidir. Milli Məclis milli iradəni təmsil etdiyi üçün bunun tənqid edilməsi doğru deyil. Ümid edirəm ki, məsələ ilə bağlı yaxın zamanlarda rəsmi çalışmalara start veriləcək. Azərbaycanda media hələ peşəkarlaşmayıb. Bunu diqqətdə saxlamaq vacibdir”. K. Tarqay ATƏT-in Bakı ofisinin bu məsələdə istər hökumət, istər Milli Məclis, istərsə də vətəndaş cəmiyyətləri ilə danışıqlarını davam etdirəcəyini də qeyd edib: ”Əsas məqsədimiz ATƏT-in prinsipləri əsasında Azərbaycanda mediada söz və ifadə azadlığını təmin etməkdir”. Tədbirdə insan hüquqları təminatı məsələləri üzrə dövlət orqanları nümayəndələri ilə vətəndaş cəmiyyəti struktrlarının konstruktiv ictimai dialoq platformasını gücləndirmək və insan hüquqlarının təminatı, eləcə də ifadə azadlığı sahəsində qanunvericiliyin inkişafı perspektivləri ilə bağlı diskussiyalar aparılıb. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu məsələnin gündəmə gətirilməsi doğru addımdır: ”Düşünürük ki, bu məsələnin müzakirəsi beynəlxalq tərəfdaşlarımızın marağına səbəb olacaq. Biz gərək media, hüquqlar, ifadə azadlığı ilə bağlı məsələləri gərək ictimailəşdirək. Hesab edirəm ki, gələcəkdə bu məsələ nəzərə alınacaq. İstənilən təşəbbüs, o cümlədən qanunvericilik təşəbbüsü çox müsbət qəbul olunur. Yəni bir neçə şəxsin, hökumət təşkilatlarının, medianın, istənilən qanunvericiliyin təşəbbüsü əhəmiyyətlidir”. Əli Hüseynlinin sözlərinə görə, hüquqşünaslarla hökumətin mövqeyi üst-üstə düşür: ”Biz hüquqşünaslar diffamasiya haqqında qanunvericiliklə məşğul olanda yeni məlumatlar əldə edirik. Bizim diffamasiya və müdafiə haqqındakı baxışlarımız dövlətin baxışları ilə üst-üstə düşür. PA rəsmisinin söylədiyi fikirlərdə də bu rəsmi şəkildə öz əksini tapıb. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin ehtimallaşdırılmasının heç bir hüquqi bazası yoxdur”. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hökumətin müvafiq səylərini dəyərləndirdiklərini qeyd edib: ”İnternetdə təhqir və böhtanın qarşısı alınmalıdır. Amma internet peykini göyə qaldıran ölkə qanuna internetlə bağlı 6 aylıq cəza tətbiq edəndə bu, qəribə görünür”. O, əlavə edib ki, qanunun tətbiqi və ümumiyyətlə, məsələyə kompleks yanaşaraq müəyyən mexanizmlər təyin edilməlidir. Çünki İnternet həm KİV-dir, həm də KİV deyil, kommunikasiyadır. Media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli tədbirdə səsləndirilmiş “diffamasiya qanunu ilə bağlı heç bir beynəlxalq təşkilat qarşısında öhdəliimiz yoxdur” fikrinə işarə edərək deyib ki, bu, heç də belə deyil: ”Bununla bağlı cəmiyyət qarşısında öhdəliyimiz var. Digər öhdəliyimiz isə Avropa Məhkəməsinin yuridistikasındakı qərarların qəbuludur”. O, Cinayət Məcəlləsindəki 147 və 148-ci maddələrinin son illərdə tətbiq olunmaması, bunun çəkindirici xarakter daşıması fikri ilə də razılaşmayıb: ”Qanun heç də həmişə çəkindirici olmur. Sadəcə diaqnozu düzgün qoymaq lazımdır. Cəmiyyət qarşısında qınaqda məsələni daha asan həll etmək olar, nəinki Cinayət Məcəlləsində 147 və 148-ci maddədə qalmaqla. Fransa qanunvericiliyində böhtan və təhqirlə bağlı maddə olsa da, onlar son 30 ildə bu maddələri kimsəyə tətbiq etməyiblər. Buna baxmayaraq, ATƏT və digər təşkilatlar bunu pis nümunə kimi tənqid edirlər. Hesab edirəm ki, Azərbaycan “Diffamasiya haqqında” qanunu qəbul etməyə hazır olan ölkədir”.