Startup Azərbaycan Təşkilat Komitəsi bildirir ki, Startup Azərbaycan çərçivəsində keçirilən Müsabiqədə startupların qeydiyyatı 20 may tarixdə, saat 24.00-da başa çatıb.
Cəmi 42 startup layihəsi Müsabiqəyə təqdim edilib. TK bildirir ki, qeydiyyatdan keçən, lakin yetərli məlumatlar (qeydiyyat formasındakı sənəd faylını) təqdim etməyənlər Qaydalara əsasən Müsabiqədən kənarlaşdırılacaq. Hazırda təqdim edilən Layihələrin Qaydalara uyğun olaraq Müsabiqəyə buraxılması TK tərəfindən nəzərdən keçirilir.
Startup Azərbaycan TK-nın qərarı ilə Müsabiqəyə buraxılan Layihələrin siyahısı təsdiq edilir və ilkin ekspertiza üçün Ekspertlərə göndərilir. TK bildirir ki, Müsabiqəyə buraxılan layihələrin Ekspertlər tərəfindən ilkin qiymətləndirilməsi və yarımfinalçıların müəyyən edilməsi prosesi 10 gün davam edəcək. Yarımfinala çıxan startuplar üçün biznes planların və təqdimatların hazırlanması istiqamətində iyun ayının 1-ci yarısında Təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq Ekspertin iştirakı ilə keçiriləcək.
Yarımfinalçıların təqdim etdikləri biznes planlar əsasında ekspertlər 25 İyun tarixədək finalçıları müəyyən edəcəklər. Finala çıxan startuplarla investorların qapalı görüşünün iyunun sonunda keçirilməsi nəzərdə tutulub. Startup Azərbaycan Yekun Təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi planlaşdırılır. Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir. Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Geniş məlumat : www.startup.az