Ölkənin əsas milli İnternet operatoru – İnternet təchizatçısı Delta Telecom şirkəti istifadə olunan İnternet trafikinin 99%-ni ölkəyə gətirir və təxminən 30 Provayderə, ö cümlədən 3 dövlət Provayderinə satır. Yalnız Delta Telecom bilir ki Provayderlər müştəriləri “çəkidə” necə aldadır. Bilir ki, Provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır və həmin Provayderin müştərilərinin tələbatına cavab vermir.
İnternetin qiyməti və keyfiyyəti ilə bağlı real vəziyyət necədir ?
Ölkənin əsas milli İnternet operatoru – İnternet təchizatçısı Delta Telecom şirkəti istifadə olunan İnternet trafikinin 99%-ni ölkəyə gətirir və təxminən 30 Provayderə (İSP), ö cümlədən 3 dövlət Provayderinə satır.
Delta Telecom həmçinin qonşu Gürcüstana da İnternet satır.
Ölkə üzrə istifadə olunan toplam İnternet trafiki cəmi 100 Gb/san –dir. Hər bir Provayderin aldığı İnternet trafikin həcmi Delta Telecom-un saytında yerləşdirilib və onlayn olaraq yenilənir. Hər bir Provayder bu qeyd olunan trafiki öz müştərilərinə müqavilə üzrə müxtəlif sürətlər və uyğun qiymətlər üzrə təklif edir.
Məsələn, Bakinternet Delta Telecom-dan təxminən 25 Gb/s alır və özünün 160 min müştərisi arasında bölür.
Özəl Provayderlərin müştərilərinin sayı açıqlanmır. RİTN-də bu Provayderlərin müştərilərinin sayının açıqlanmasına maraq göstərmir.
Provayderlərin müxtəlif sürətlər üzrə təklif etdikləri qiymətlər təxminən eynidir . Bəzi Provayderlər üzrə qiymətlərin real vəziyyəti burada verilib və qonşu ölkələrlə müqayisə də aparılıb http://t.co/53lFsGyBhD . Aşağı sürətlər üçün qonşu ölkələrlə müqayisədə qiymətlər bir neçə dəfə, böyük sürətlər üçün isə xeyli dərəcədə bahadır.
Həm də keyfiyyətlə bağlı ciddi problemlər var və bu haqda da artıq məlumatlar verilib http://t.co/E8LbG4GuyR . Yəni, istifadəçi Provayderlə bağladığı Müqavilə əsasında nəzərdə tutulan sürəti evində və ofisində əldə edə bilmir. Bu əsasən İstifadəçilərin “çəkidə” aldadılması yolu ilə baş verir. Provayder Delta Telecom-dan az alır və bu az trafiki özünün çoxlu sayda müştəriləri arasında bölür.
Ədalət naminə deməliyik ki, bəzən bu sürət infrastruktur problemləri səbəbindən, xətlərin qeyri-standart olması səbəbindən də son nöqtəyə tam həcmdə gedib çatmır. Son zamanlarda ADSL üzərindən və kabel vasitəsilə əldə edilən İnternetin keyfiyyətində yaxşılaşma olsa da Mobil İnternetin keyfiyyəti ilə bağlı vəziyyət daha da pisləşib.
Beləliklə, artıq qiymətlərin kəskin baha olması şübhə doğurmur və cəmiyyət endirim gözləyir.
Düşünürəm ki, qiymətlərin xeyli baha olmasını RİTN də bilir və bunun nəticəsidir ki, bu qurumda son vaxtlarda bir neçə dəfə Provayderlərin toplantısını keçirilsə də qiymətləri endirə bilməyiblər. Provayderlər sadəcə imtina ediblər !
Provayderlər, Delta Telecom-dan aldığı İnternet qiymətlərinin baha olmasını və ATS xərclərinin çox olmasını əsas gətirərək qiyməti endirməyə razılaşmayıblar.
Görünür RİTN hətta dövlət Provayderlərinə də endirimlə bağlı təsir edə bilməyib .
Nə üçün qiymətlər bahadır və nə üçün İnternet keyfiyyətsizdir ?
Provayderlər bildirir ki onların Delta Telecom-dan aldığı İnternetin qiyməti toplam İnternet sürətinə uyğun olaraq müəyyən edilir. Yəni, kim çox alırsa ona daha ucuz verilir.
Bu isə, bildirildiyinə görə 1 Mb/s üçn 20 – 40 manat arasında, bəziləri üçün isə 10 manat civarındadır. Qeyd edək ki, İSP-lər bu təmiz 1 Mb/s-nı adətən 4 – 5 müştəri arasında bölə bilirlər və bu normal hesab olunur.
Amma təəssüf ki, bizim Provayderlər bu təmiz 1Mb/s-i onlarla, bəzən isə 20 – 30 müştəri arasında bölürlər və nəticədə də istifadəçi Müqavilədəki sürəti son nöqtədə əldə edə bilmir. Anlaşıqlı desək istifadəçinin “çəkidə aldadılması” baş verir. Provayderin aldığı toplam İnternet tutumu müştərilərin sayına uyğun olmur.
Provayderlər aldıqları toplam İnternet üçün Delta Telecom-a ödənilən xərclərin və İnternetin müştərilərə çatdırılması üçün ATS-lərə ödənilən xərclərin ( hər müştəriyə görə, portlara görə, ATS-dən , kanalizasiyadan və s istifadəyə görə ödənilən xərclər ) xeyli çox olduğunu bildirirlər. Və bunun da nəticəsi olaraq İnterneti baha qiymətə təklif etmək məcburiyyətində qaldıqlarını söyləyirlər.
Delta Telecom şirkəti öz sistemində hər bir Provayderin müştərilərinin istifadə etdiyi İnternetin həcmini çox gözəl bilir və güman ki daim bunu müşahidə edirlər.
Bu müşahidələr də şübhəsiz ki Provayderlərin aldığı İnternet tutumunun müştərilərin sayına uyğun olmadığını və təbii ki hədsiz dərəcədə az olduğunu göstərir. Yəni, əslində dəqiq olaraq yalnız Delta Telecom bilir ki Provayderlər müştəriləri “çəkidə” necə aldadır. Bilir ki, Provayderin ondan aldığı bütöv sürət günün müəyyən vaxtı pik həddindədir, sistem dolub-daşır və həmin Provayderin müştərilərinin tələbatına cavab vermir.
Nəticədə də istifadəçi Müqavilədə göstərilən sürəti əldə edə bilmir. Yəni müştəri pulunu verdiyi malı günün müəyyən saatlarında ala bilmir. Çünki bu malın özünü Provayder yetərli qədər Delta-dan almır. Bu halın baş verməməsi üçün Provayder əslində Delta-dan əlavə tarifik almalı idi. Lakin aydındır ki bu baş vermir.
Bu prosesin gedişində udan və uduzanlar var.
Müştəri üçün təbii ki bu aldadılmadır, istehlakçı hüquqların tapdanmasıdır . Əldə etmədiyi bir mala görə , heç bir “şey” ə görə pul ödəyir. Və təəssüf ki bu az qala kütləvi olaraq baş verir.
Delta Telecom topdansatış olaraq qazanır və qiyməti diktə edir. Eyni zamanda bu sadalanan proses Delta Telecom üçün həm də o deməkdir ki, ehtiyac olduğu halda o ölkəyə gətirdiyi İnterneti son müştəriyə tam olaraq sata bilmir. Çünki Provayderlər müştərilərə “yalançı” trafik satır. Güman ki Provayderlərin nə qədər qazanc əldə etdiyini də təxminən hesablayan Delta Telecom topdan satdığı İnternet qiymətlərini endirməkdə maraqlı deyil.
Bu proses bəzi Provayder üçün xərclərinin çox olmasına rəğmən “göydən düşən”, “göydən tökülən” bir gəlirdi . Yəni, mayası olmayan, topdan almadığı bir malı, daha doğrusu realda mövcud olmayan bir “şey” ə görə gəlir əldə olunur.
ATS-lər üçün də bu aldadılma prosesi yaxşı gəlir mənbəyidir. Hər bir müştəriyə görə Provayderlər ATS-lərə qanuni və bildirildiyinə görə elə qeyri-qanuni də xeyli pul ödəyirlər. Təsəvvür edin ki, müştərilərinin sayı 50 min olan özəl bir Provayder hər ay təxminən 150 – 200 min manat təkcə ATS-lərin resurslarından istifadəyə görə BTRİB-ə ödəniş edir .
Beləliklə nəticə ondan ibarət olur ki əslində bu prosesdə iştirak edən bütün tərəflər az-çox qazanırlar və itirən yalnız istifadəçi- müştəridir.
İtirən həm də Azərbaycan olur. Çünki zəif və bahalı İnternet həm də dolayısı ilə ölkənin sürətli inkişafını əngəlləyir, innovasiyaların inkişafını ləngidir və dolayısı ilə cəmiyyətin bütün sahələrinin inkişafına tormozlayıcı təsir edir. Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir edir.
İnternet qiymətlərini endirmək mümkündürmü ?
Görəsən Provayderlər indiki durumda qiymət endiriminin mümkünsüz olmasını bildirməkdə haqlıdırlarmı ?
Qeyd etdik ki RİTN-də bir neçə dəfə Provayderlərin toplantısı keçirilib və RİTN qiymətlərin endirilməsini təklif etsə də Provayderlər razılaşmayıb
Provayderlər bunu xərclərinin çox olması ilə izah ediblər.
Amma real vəziyyət tam əksini göstərir. Provayderlər sadəcə RİTN-ə yalan rəqəmlər və yalan informasiyalar təqdim edirlər. Və ya RİTN-də bu vəziyyətlə barışmaq istəyənlər var.
Konkret bir Provayder üzrə aylıq gəlir və xərcləri təxmini hesablamaqla bunu görmək olar.
Məsələn Bakinternet Provayderinin aylıq mənfəətini təxmini hesablayaq :
Bakinternet-in müştərilərinin sayı 160 min.
Müştərilərin aldığı ən aşağı orta internet sürəti ~ 4 Mb/san ( Bü rəqəm 2 Mb/s ilə 24 Mb/s arasında dəyişir)
Bakininternet-in 4 Mb/s İnternet üçün mövcud aylıq qiyməti – 30 manat (http://bakinter.net/packages/ )
Aylıq gəlir :
160 000 müştəri X 30 manat = 4 800 000 manat
Bakinternet-in xərcləri (İnternet satışının maya dəyəri)
Bakinternet Delta Telecom-dan təxminən 20 – 30 Gb/s arasında İnternet alır (Bu Delta-nın onlayn statistikasından sutkanın müxtəlif anları üçün aydın görsənir)
Bakinternet-in Delta-dan aldığı orta İnternet sürəti : 25 Gb/s = 25 000 Mb/s
Delta-nın təxmini qiyməti: təmiz 1 Mb/s = 20 manat
Bakinternet-in Delta-ya aylıq təxmini ödənişi :
25 000 Mb/s X 20 manat = 500 000 manat
ƏDV = 90 000 manat
Bakinternet-in digər aylıq təxmini kommersiya və inzibati xərcləri ( 6 Telefon Qovşağının hər birində bir neçə nəfərlik Bakinternet şöbələri fəaliyyət göstərir. Onların əmək haqları, vergi, amortizasiya, kommunal və s xərcləri ) = 500 000 manat
( Bakinternet dövlət Provayderi olaraq digər özəl Provayderlərin ATS-lərə ödədiyi qanuni və qeyri-qanuni xərclərdən azaddır. )
Bakinternetin cəmi aylıq xərcləri : 500 000 + 90 000 + 500 000 = 1 090 000 manat
Bakinternetin aylıq təxmini mənfəəti :
4 800 000 manat –1 090 000 manat = 3 710 000 manat . Söhbət aylıq mənfəətdən gedir !
Bu hesablamadakı rəqəmlər yalnız bir halda dəyişilə bilər. Əgər BTRİB bildirsə ki , Bakinternet-dən gələn gəlirlərdən onlar bütün BTRİB xərclərini, ATS-lərin bütün istismar xərclərini, Qovşaq müdirlərinin və digər personallarının xarici maşın və digər xərclərini də ödəyirlər, təbii, bu zaman Bakinternet hətta ziyanla da işləyə bilər !
Əlbəttə, əgər Provayderlər “yalançı” trafik satmasalar, 1 Mb/s İnterneti onlarla müştəri arasında bölməsələr onda , təbii gəlir də xeyli azalacaq
Beləliklə, məlum olur ki, əslində dövlət Provayderi olan Bakinternet tam mənfəətlə işləyir və aylıq təmiz qazanc da ən azı 3 – 4 milyona çatır .
Nəzərə alsaq ki, biz bu hesablamanı ən “kasıb müştəri” üçün aparmışıq ( orta 4 Mb/s olmaqla) və nəzərə alsaq ki 160 minlik müştərilərin xeyli hissəsi də daha böyük sürətlər alırlar , ona uyğun da ödənişlər edirlər deməli belə görünür ki Bakinternetin aylıq gəliri bu qeyd olunandan qat-qat çoxdur.
Amma qiymət endirmək istəmirlər!
Delta-nın qiymət endirimini gözləyirlər. Özəl Provayderlər də dövlət Provayderlərinin qiymət endirimini gözləyirlər.
Əlbəttə, Delta Telecom tərəfindən də uzun müddətdən bəri qiymət endirimlərinin olmamasına haqq qazandırmaq olmaz. Rəqabətin gücləndirilməsi üçün, az trafik alanlara da müəyyən güzəştlərin edilməsi, xüsusilə də optik İnternetə əlçatımlıq üçün bu qurum tərəfindən qiymət endirimi çox vacibdir.
Amma yuxarıdakı adi hesablamadan görmək olur ki, indiki durumda belə, Provayderlərin, xüsusilə də dövlət Provayderlərinin qiymət endirimi üçün ciddi real imkanlar yetərincədir.
Nə etməli ?
Fikrimcə RİTN və digər dövlət qurumları daha sərt tədbirlərə əl atmalıdır. RİTN mütəxəssisləri tərəfindən təcili İnternet bazarında mövcud vəziyyətlə bağlı araşdırma aparılmalıdır. Biz bu məsələdə RİTN-ə köməklik göstərməyə hazırıq. Artıq Azərbaycan İnternet Forumu tərəfindən RİTN-ə bu istiqamətdə təkliflər də təqdim edilib.
Provayderlər, Delta Telecom və vətəndaş cəmiyyəti qurumaları ilə birgə mövcud situasiya müzakirə olunmalıdır.
Fikrimizcə, indiki halda İnternet qiymətlərinin xeyli endirilməsinə imkanlar var.
Delta Telecom tərəfindən də topdan İnternet qiymətlərinin endirilməsi çox vacibdir. Xüsusilə də hazırda optik İnternetin xeyli baha olmasının səbəbləri məhz bu qiymətdən çox asılıdır.
O cümlədən ATS-lərdə Provayderlərdən toplanan ödənişlər bir daha nəzərdən keçirilməli, qeyri-qanuni ödənişlərə imkan verilməməli, bu sahədə ciddi islahatlar aparılmalıdır. Bəzən ümumiyyətlə izahı mümkün olmayan tariflərə rast gəlmək olur.
Görünən odur ki İnternetin qiyməti və keyfiyyəti ilə bağlı real vəziyyət Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğun deyil və belə vəziyyətin davam etməsi ölkəyə ciddi ziyan vurur.
İnternetin qiyməti və keyfiyyəti ilə bağlı ölkədə İKT sahəsində, İnternetin inkişafı istiqamətində, elektron hökumət quruculuğu sahəsində aparılan uğurlu siyasətlə uzlaşmayan bir situasiya yaranıb.
Dövlət tərəfindən İKT-nin inkişafına qonşu ölkələrlə müqayisədə qat-qat ciddi dəstək olduğu halda İnternetin qiymətləri və keyfiyyəti ilə müqayisədə vəziyyət heç də xoşagələn deyil.
Osman Gündüz