“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi şikayətlənir ki, nə üçün vətəndaşlar xidmətlərlə bağlı bilgi əldə etmək üçün “Elektron hökumət”
portalına yox, birbaşa dövlət qurumlarının saytlarına daxil olur.
Dəfələrlə bildirmişik ki, portalın strukturu ifrat dərəcədə qəlizdir”. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz belə deyir.
“Media forum” saytına danışan Osman Gündüz qeyd edib ki, adi bir məlumatı, məsələn, sadəcə ölkəyə gətirdiyiniz maşının gömrükdə rəsmiləşdirilmə qiyməti barədə bilgini almaq üçün portalda uzun bir qeydiyyat prosesindən keçməlisiniz: “Amma Dövlət Gömrük Komitəsinin saytından bunu elə qeydiyyatsız da, bir andaca öyrənmək olur”.
Ekspert deyib ki, “Elektron hökumət” portalı yenidən qurulmalıdır: “Portal iki hissəyə ayrılmalı, informativ xidmətlər üçün heç bir qeydiyyat tələb olunmamalıdır. Əsas xidmətlərdən ibarət digər hissə isə qeydiyyatla olmalıdır. Eyni zamanda strukturu, xidmətlərin təsnifatı, istifadə rahatlığı tam olaraq yenidən nəzərdən keçirilməlidir. Dövlət qurumlarının xidmətlərinin portala inteqrasiyasındakı problemləri həll etmək üçün isə portalın təhlükəsizlik məsələsi tam həllini tapmalıdır”.
Osman Gündüz həmçinin qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi inhısarında olan “Elektron imza”nı biznesə çevirməməlidir.