Facebook-da prezidentin adından istifadə edənlər çoxalır

  Hər gün facebook sosial şəbəkəsindəki səhifəmə ölkə prezidenti İlham Əliyevin şəkili ilə olan çoxlu sayda profildən dostluq təklifi gəlir. Profillərin saxta olması gün kimi aydındır. Bu səhifələrin sahibləri ya sadəcə İ.Əliyevin şəkilindən, ya da bir az da uzağa gedərək adından belə istifadə edirlər. Maraqlıdır görəsən, prezidentin adından və şəkilindən istifadə edən bu cür saxtakarların qarşısını almaq mümkün deyil? Axı söhbət heç də adi vətəndaşdan getmir. Tutaq ki, tanınmayan bir şəxsin adından istifadə etmək kimlərdəsə şübhə doğurmaz. Bəs tanınan şəxslərlə bağlı vəziyyətə nəzarət etmək mümkündürmü? Facebook sosial şəbəkəsində qısa araşdırma etsək görərik ki, xeyli sayda ictimai və siyasi xadimin, müğənnilərin adından yaradılmış saxta profillər var. Bir müddət əvvəl də daxili işlər naziri Ramil Usubovun adından facebook-da iki saxta səhifənin yaradıldığı məlum oldu. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov açıqlama verərək həmin profillərin nazirə məxsus olmadığını bildirdi: “Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından da iki saxta profil yaradılıb və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilib. Doğrudur, onların hər ikisi uzun müddət ərzində yenilənməsə də, bildiririk ki, həmin profillərin cənab nazirə heç bir aidiyyəti yoxdur”. Qeyd edək ki, İlham Əliyevin adından fəaliyyət göstərən 10-ca səhifələr var. Prezidentin rəsmi səhifəsi olsa da, bu saxta səhifələr hər gün yenilənir. Saxta profillərin yaranmasına necə mane olmaq olar? Saxta profillərin günü-gündən artması nədən qaynaqlanır? Suallarımızı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz cavablandırdı. O deyir ki, facebook-da saxta profillər problemi bu sosial şəbəkənin bünövrəsi qoyulandan var: “Bununla bağlı müxtəlif addımlar atıla bilər. Hansısa vətəndaşın adından saxta profil açılıbsa, fəaliyyət göstərilirsə, bu artıq şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər. Bu zaman məhkəməyə müraciət edib bildirmək olar ki, mənim adımdan informasiyalar yayılır, onların mənə aidiyyəti yoxdur. Daxili İşlər Nazirliyi məhkəmə qaydası ilə bunu araşdıra və tədbirlər görə bilər. İkinci addım facebook administrasiyasının özü ilə əlaqə saxlamaqdır. Belə ki, müəyyən sübutedici faktlarla, məhkəmənin qərarı, məktublar və s. ilə göstərmək olar ki, o profil saxtadır”. Osman Gündüz vurğulayıb ki, saxta profillərin qarşısını almaqda daha bir yol Milli Təhlükəsizlik Nazirliyinə müraciət etməkdir: “Nazirlik araşdırma apara bilər ki, bunu kim yaradıb. MTN-nin internetdə təhqiqat aparmaq səlahiyyəti var. Bu işi başqa nazirliyin, başqa qurumun görməyə ixtiyarı yoxdur. MTN isə saxta profilin hansı İP ünvandan yaradıldığını, bunun Azərbaycanda yoxsa, xaricdə edildiyini müəyyənləşdirə bilər. Dəfələrlə qeyd etmişəm ki, saxta profillərin yaranmasının qarşısını almaq üçün ən gözəl addım budur ki, ictimai-siyasi xadimlər birinci özləri özü üçün facebook səhifəsi yaratsınlar. Gözləmək lazım deyil ki, kimsə yaratsın və bundan sonra əl-ayağa düşsünlər. Belə olarsa, hər kəs biləcək ki, saxta profil hansıdı”. Osman Gündüz məsləhət görür ki, rəsmi səhifələrin idarəçiləri açıqlama verərsə saxta səhifələr, profillər əhəmiyyətini itirər: “Misal üçün prezidentə məxsus rəsmi səhifəni kimlər idarə edirsə, onlar açıqlama verməlidirlər ki, saxta olmayan profil filan ünvandadı. Belə olan halda saxta profil heç kimi maraqlandırmayacaq və o profil öz əhəmiyyətini itirəcək. Həqiqi səhifə olmayanda saxta hesab, saxta səhifə öz əhəmiyyətini saxlayır”. Mövzu ilə bağlı ən əsas sual budur ki, məgər MTN-ə prezident xüsusi olaraq müraciət etməlidir ki, sosial şəbəkələrdə onun şəkillərindən və adından sui-istifadə olunur? MTN özü bunları müşahidə etmir? Nə yazıq ki, iki gün ərzində nazirlikdən bu sualımıza cavab ala bilmədik.

hafta-ichi.az

Comments are closed.