Azərbaycan İnternet Forumu bildirir ki, ötən gün, 16 noyabr tarixdə bütün ölkə ərazisində internet təchizatı sahəsində ciddi problem yaranıb. Ölkə ərazisinin böyük bir hissəsində 6 saat müddətində internet olmayıb. Bu müddət ərzində daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatların, dövlət və özəl sektorun, xüsusi əhəmiyyətli qurumların, internet media qurumlarının, bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.AİF bildirir ki, İnternet bağlantısının kəsilməsi ölkənin internet təchizatının 90 faizini təmin edən Delta Telecom şirkətində baş verən yanğınla bağlı olub. Yanğın nəticəsində şirkətin texniki sistemində, serverlərində ciddi problemlər yaranıb və internet təchizatı mümkünsüz olub. Yanğının səbəbləri haqqında hələlik şirkət tərəfindən rəsmi açıqlama verilməyib. Hazırda hüquq mühifizə orqanlarının bununla bağlı təhqiqat apardığı bildirilir.
AİF bildirir ki, baş verən hadisə, uzun müddət ölkənin qlobal dünyadan ayrılması, infromasiya münasibətlərinin mümkün olmaması, xüsusilə də daimi onlayn əlaqənin vacib olduğu sahələrdə internet problemlərinin yaşanması ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhlükədir.
AİF bildirir ki, son illərdə ölkənin milli informasiya fəzasının formalaşması istiqamətində, informasiya təhlükəsizliyinin qorunması istiqamətində müəyyən işlər görülüb. Dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün müəyyən addımlar atılıb.
AİF Delta Telecom tərəfindən Azərbaycan İnternetinin qlobal dünyaya bir neçə fərqli magistral kanallar üzərindən bağlantısının qurulması istiqamətində son illərdə atdığı addımları da müsbət dəyərləndirir.
Bununla belə AİF bildirir ki, baş verən hadisə onu göstərir ki, atılan addımlar yetərli deyil və ölkənin informasiya təhlükəsizliyi məsələsinə daha konseptual yanaşmaq vacibdir. Hökumət baş verənlərin təkrarlanmaması üçün dərhal ciddi tədbirlər görməli, bu sahədə rəqabətli mühitin, alternativlər üzərində infrastrukturun formalaşması üçün tədbirlər görməlidir. Müasir dövrdə informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin əsas tərkib hissəsi olmasını nəzərə alaraq AİF ölkənin dayanıqlı informasiya təhlükəsizliyi sisteminin, informasiya infrastrukturunun alternativ təchizatlar və alternativ informasiya şəbəkələri üzərində qurulmasını zəruri hesab edir.
AİF dövlət və ictimai sektorda bir müddət müzakirə olunan yeni milli informasiya təhlükəsizliyi konsepsiyasının hazırlanması məsələsinin yenidən gündəmə gətirilməsini vacib hesab edir.
AİF bu kimi halların bir daha təkrarlanmaması üçün, ən qısa 2-ci səviyyəli provayderlərin, daimi onlayn əlaqənin əhəmiyyətli olduğu qurumların da informasiya şəbəkəsinin alternativlər üzərində qurulmasının vacib olduğunu diqqətə çatdırır.
AİF baş verən hadisənin səbəbləri haqqında ictimaiyyətə rəsmi açıqlamanın verilməsini vacib hesab edir.
AİF