Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AİF tərəfindən “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə AİF prezidenti Osman Gündüz 2012-ci ildə “Eurovision–2012” beynəlxalq tədbirinin Azərbaycanda keçiriləcəyini diqqətə çatdırıb. Tədbirin məqsədinin də əsasən bununla bağlı olduğunu, “Eurovision 2012” keçirilən ərəfədə ölkə İnternetində yarana biləcək problemlər və onların həlli yolları haqqında müvafiq qurumları və ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğu bildirilib.
Dəyirmi Masada AİF presidenti Osman Gündüz və İdarə Heyətinin üzvü Rüstəm Əliyev mövzu ilə bağlı təqdimat ediblər. Təqdimatda AİF ekspertlərinin yerli və qlobal şəbəkədə bu istiqamətdə mövcud vəziyyətin təhlilindən sonra gəldiyi nəticələr öz əksini tapıb. Xüsusilərdə adı çəkilən tədbir keçirilən ərəfədə Azərbaycan İnternetinin kontent və texniki-texnoloji vəziyyətinin mühüm əhəmiyyət kəsb edəcəyi bildirilib. Həmçinin Azərbaycan və Bakı ilə bağlı Global (Wikipedia, Youtube və s) və milli resurslarda informasiya ehtiyatlarının yetərli olmadığı qeyd olunub. Turizm və informasiya yönümlü resursların yetərli olmaması, mövcud resursların zəif olması da vurğulanıb. Təqdimatda xüsusilə ölkə internetinin keyfiyyətsizliyi və Milli internet resursların kütləvi ziyarət üçün hazır olmadığı və texniki dayanıqsızlığı diqqətə çatdırılıb. Mobil internetin ələ çatımlığının ,tədbir ərəfəsində ictimai Wi-Fi şəbəkəsinin yaradılmasının vacibliyi qeyd olunub. Müxtəlif dillərdəki mühüm milli informasiya resurslarına dəstək verilməsinin vacibliyi qeyd olunub.
Online ödəniş sistemləri və milli naviqasiya sistemlərinin tələblərə cavab vermədiyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən aidiyyatı şəxslər mövzu ətrafında çıxışlar ediblər. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Qabil Abbasov, RİTN –nin nümayəndəsi Kamal Məmmədov, BTRİB –in nümayəndəsi Elman Qədirov, İREX- in nümayəndəsi Mürsəl Əliyev, Sahil şirkətinin direktoru Vahid Qasımov, AİF üzvləri Şaiq Muradov və Rəşad Əliyev, Azerfon şirkətinin meneceri Elşad Fərzəliyev, blogger Rüfət Əhmədzadə, Xəbərlər.az in redaktoru Bəhram Həsənov və başqaları çıxış edərək müzakirə olunan məsələnin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Çıxış edənlər təkliflərə münasibətlərini açıqlayaraq bu istiqamətdə səmərəli təkliflər irəli sürüblər. Çıxışlarda bu istiqamətdə müəyyən işlərin görüldüyü qeyd edilməklə bərabər ciddi problemlərin də olduğu bildirilib. Bununla belə çıxışlarda mövcud olan və gözlənilən problemlərin aradan qaldırılması üçün dövlət, özəl və vətəndaş cəmiyyətinin birgə səylərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tədbirin sonunda müzakirə prosesində irəli sürülən Təkliflərin ümumiləşdirilərək hökumətə və “Eurovision–2012” nin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinə təqdim ediləcəyi bildirilib.
Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
AİF
Tel: 492 44 44
E-mail: informasiya@gmail.com