Məlum olduğu kimi Azərbaycan İnternet Cəmiyyəti adlı qurumun qərarı ilə Azeronline Provayderinə qarşı həyata keçirilən boykot nəticəsində ölkənin İnternet istifadəçilərinin normal fəaliyyəti pozulmuş və xeyli sayda informasiya resurslarından və internet xidmətlərindən sərbəst istifadə etmək qeyri-mümkün olmuşdur.
Dəyirmi Masada çıxış edən AİF-in prezidenti Osman Gündüz AİF tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, xüsusilə media qurumlarının dəstəyi ilə gerçəkləşən ictimai təpki nəticəsində dünəndən etibarən Provayderlər tərəfindən informasiya resurslarına qarşı tətbiq edilən qeyri-qanuni senzuranın aradan qaldırıldığı bildirildi.
Dəyirmi Masadakı müzakirələrdə məhkəmənin qərarı olmadan bir sıra Provayderlər tərəfindən hər hansı informasiya resursuna blok qoyulması və ya onun bağlanılması kobud qanun pozuntusu kimi qiymətləndirilib . Müzakirələrdə bu kimi halların bir daha təkrarlanmaması üçün bu aksiyanı həyata keçirən Provayderlər haqqında ciddi tədbirlər görülməsi ilə bağlı təkliflər də səsləndirilib.
Dəyirmi Masada RİTN tərəfindən son dövrlərdə aparılan liberal tarif siyasətinə baxmayaraq son 2-3 il ərzində Provayderlər tərəfindən qiymətlərin eyni bir səviyyədə saxlanılması ciddi müzakirə mövzusuna çevrilib. İnternet qiymətlərinin müəyyən həddən aşağı salınmaması ilə bağlı 3 il öncə bir qrup Provayderlər arasında müəyyən razılaşmanın bağlanılması faktının RİTN və Antiinhisar Departamenti tərəfindən ciddi surətdə araşdırılmasının vacibliyi vurğulanıb. Dəyirmi Masadakı müzakirələrdə Internet sahəsində azad və sərbəst rəqabətin yaradılması üçün, xüsusilə Qlobal şəbəkəyə bağlantı sahəsində inhisarçılığın aradan qaldırılması üçün RİTN və digər aidiyyatı qurumlar tərəfindən ciddi addımlar atılmasının vacibliyi bildirilib. Qeyd olunan problemin mahiyyəti üzrə tezliklə həll edilməsi üçün Antiinhisar Departamenti tərəfindən araşdırmaların sürətləndirilməsi və bu prosesdə AİF-in iştirakı məqsədəuyğun hesab edilib.
Dəyirmi Masada AİF tərəfindən Azərbaycan İnternetinin maraqlarının qorunması istiqamətində, internet istifadəçilərin və provayderlərin qanuni maraqlarının qorunması istiqamətində sistemli olaraq ictimai diskussiyaların aparıklmasının vacibliyi vurğulanıb.
Dəyirmi Masada RİTN-nin nümayəndəsi, internet xidməti göstərən Provayderlərin nümayəndələri, Azad İstehlakçılar Birliyinin rəhbəri, Beynəlxalq təçkilatların nümayəndələri, AİF üzvləri, QHT rəhbərləri və media qurumlarının nümayəndələri iştirak ediblər.
Antiinhisar Siyasəti Departamentinin nümayəndəsi tədbirə dəvət edilməsinə baxmayaraq iştirak etməyib.
AİF
Tel: 492-44-44
Mob: 311-70-45<
Veb: www.aif.az