Multimedia Mərkəzi bildirir ki, 22 fevral tarixdə “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tədbir keçiriləcək.
Tədbirdə ölkədə jurnalistika təhsili verən ali təhsil müəssisələrinin jurnalistika fakültələrinin nümayəndələri və yeni media mütəxəssisləri iştirak edəcəklər.
Toplantıda hər bir Universitetin jurnalistika fakültələri üçün nəzərdə tutulan Onlayn Laboratoriyanın (Xəbər portalının) təqdimatı keçiriləcək və bu onlayn resursun modulu hər bir Universitetə təqdim ediləcək. Resursu idarə edəcək müəllimlər və tələbələr üçün Təlim keçiriləcək. Geniş imkanlara malik bu xəbər portalının vahid modulunun hazırlanmasında məqsəd Jurnalistika ixtisası alan tələbələrin təcrübə keçmələrinə və praktiki biliklərinin artırılmasına kömək göstərməkdir.
Tədbirdə həmçinin Universitetlərdə yeni medianın tədrisinin təkmilləşdirilməsi məqsədilə Multimedia Mərkəzinin hazırlamaqda olduğu yeni tədris modullarının (proqramlarının) layihələri və bu istiqamətdə aparılan işlər haqqında məlumat təqdim olunacaq. Yeni medianın tədris modelinin yekun variantının aprel ayında keçirilməsi nəzərdə tutulan Konfransda geniş müzakirəsi təşkil olunacaq.
Adı çəkilən Layihənin əsas məqsədi Jurnalistika təhsili verən ali təhsil müəssisələrində İnternet medianın tədrisini təkmilləşdirməklə jurnalistlərin peşəkarlığını yüksəltməkdən ibarətdir. Həmçinin Layihənin qarşısında duran əsas vəzifə ali təhsil müəssisələrinin Jurnalistika fakültələri üçün Yeni media texnologiyaları ilə bağlı seçmə fənlər blokundan, onların məzmunundan (tədris proqramları, sillabuslar, tədris-tematik planlar və s ) və digər zəruri tədris materiallarının nümunələrindən ibarət yeni tədris modeli hazırlamaqdır.
Layihə çərçivəsində BDU-da tələbələrin İnternet TV və İnternet Radio sahəsində praktiki vərdişlər əldəetməsinə köməklik üçün İnternet TV Studiya yaradılması da nəzərdə tutulub. Hazırda Studiyanın hazırlanması, avadanlıqların alınması və digər texniki işlər görülür. Studiyada işləmək üçün müəllimlər və tələbələr üçün təlimlər təşkil ediləcək.
Layihə çərçivəsində Yeni media texnologiyalarının tədris edən müəllimlərə köməklik məqsədilə elektron tədris resurslarından ibarət internet resurs yaradılması da nəzərdə tutulub.
Multimedia Mərkəzi bildirir ki, beynəlxalq standartlara uyğun olaraq hazırlanacaq tədris modeli Jurnalistika ixtisası üzrə təhsil müəssisələrini başa vuranların yeni media texnologiyaları sahəsində sərbəst fəaliyyətə başlaya bilməsi, yeni və daha yaxşı iş yerləri əldə edə bilməsi üçün şərait yaradacaq. Layihənin həyata keçirilməsi ilə ölkədə yeni media mütəxəssislərindən ibarət peşəkarlar təbəqəsinin formalaşması prosesi sürətlənəcək.
Layihə ABŞ – Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənib.
Multimedia Mərkəzi
492 44 44
multimedia@cit.az
www.xeberler.az
www.cit.az