7-9 Noyabr tarixdə Bakıda Startup Günləri keçiriləcək. Startup Günləri Azərbaycan İnternet forumu tərəfindən Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir. Startup Günlərinin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan startupçıları, startup komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək, startupçılar arasında əlaqələri gücləndirməkdir.
Startup Günlərində yeni fəaliyyətə başlayan startupçılar üçün Təlimlərin keçirilməsi, onların uğurlu startup Layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup layihələrinin hazırlanması nəzərdə tutulur.
Komandalar iştirakçılar arasından seçilməklə formalaşdırılacaq. Bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.
Komandaların hazırladığı Layihələrin yarışması təşkil olunacaq və peşəkar münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunacaq.
Startup Günlərində İnternet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər.
Startup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startup təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan startupçılarla görüşləri də nəzərdə tutulub.
Startup günlərinin gedişində davamlı olaraq fəaliyyət göstərən Startup Məktəbinin yaradılması nəzərdə tutulur. Startup Məktəbində gənc startupçılar üçün İnternet biznesin inkişafı və spesifik xüsusiyyətləri, investorların tapılması və onların sərmayə yatırımı ilə bağlı inam yaradılması istiqamətində Təlimlərin keçirilməsi planlaşdırılıb.
Startup Günlərinin 3 gün davam edəcəyi nəzərdə tutlub.
Startup Günlərinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startup Günlərinin Baş sponsoru Bakcell şirkətidir.
İnfi Pro şirkəti də Startup Günləri Layihəsinə dəstək verir.
Geniş məlumat : www.startupdays.startup.az