Azərbaycan milli peyk üzərindən yerli kanallara baxmaq üçün televiziya tamaşaçıları antenalarının imkanlarını genişləndirməlidirlər.
“Teleradio” istehsalat birliyinin baş direktoru Əflatun Şərifovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda televiziya xidmətləri istifadəçilərinə “Azerspace1″ milli peyki üzərindən müxtəlif ölkələrin 50-yə yaxın televiziya kanalına və 8 radio kanalına baxmaq imkanı təqdim edilib.
“Yerli və xarici kanallara Azərbaycanın milli peyki üzərindən baxmaq üçün, peyk antenalarından artıq istifadə edən televiziya tamaşaçıları, 46 dərəcədə yerləşən Azərbaycanın milli “Azerspace1″ peykinin orbital mövqeyi istiqamətinə sazlanmış əlavə qəbuledici başlıq quraşdırmalıdırlar. Digər televiziya tamaşaçıları isə əlavə olaraq mütləq resiver almalıdırlar və peyk antenalarını müvafiq tezlik istiqamətində, yəni sazlamalıdırlar”, -deyə o bildirib.
Ə. Şərifovun sözlərinə əsasən, bundan başqa, daha bir televiziya tamaşaçı seqmenti var ki, onların televizorunun birbaşa rəqəmli televiziya kanallarına çıxışı var və bu halda əlavə resiverin və qəbuledici başlığın quraşdırılmasına ehtiyac yoxdur, çünki bu televizorlar rəqəmli televiziya kontentinə, o cümlədən yerli kanallara, peyk üzərindən çıxmırlar, onlar hava üzərindən bu kanalları tuturlar.
Qeyd edək ki, “Azərkosmos” ASC-nin rəsmi məlumatına əsasən Azərbaycanın yerli “AzTV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, “İctimai”, “ATV İnt.”, “Xəzər”, “Azad Azərbaycan” kanallarına milli peyk üzərindən baxmaq üçün 11169 MHz tezliyinə (Frequency), Polarizasiya (Polarization): Üfüqi (Horizontal), FEC: 5/6, Simvol sürəti (Symbol rate): 20400 qoşulmaq tələb olunur.
www.ictnews.az