Azərbaycan İnternet Forumunun açıqlaması

logoMəlum olduğu kimi cari ildə AİF tərəfindən internetin keyfiyyəti məsələsi prioritet kimi qəbul edilib. Artıq AİF tərəfindən sentyabr ayı ərzində ölkədə internet xidmətinin keyfiyyəti ilə bağlı aparılan Monitorinq və araşdırmanın növbəti mərhələsi başa çatıb. Monitorinq müddətində ölkədə internet trafikdən istifadə üzrə vəziyyət, konkret provayderlər üzrə bu xidmətin keyfiyyəti və ADSL istifadəçilərin artım tempi araşdırılıb.
Monitorinqə 01 sentyabr 2010-cu il tarixdə, Delta Telekom şirkəti tərəfindən Provayderlərə satılan internetin qiymətinin 2 dəfə endirilməsindən sonra start verilmişdi. Bu qiymət endiriminin kifayət qədər əhəmiyyət daşıması baxımından gözləmək olardı ki , ölkədə internetin keyfiyyəti xeyli yaxşılaşacaq və ADSL istifadəçilərin sayı artacaq.
AİF bildiri ki , Monitorinqin ilkin nəticələri, vəziyyətin nəinki yaxşılaşdığını, əksinə bir sıra Provayderlər üzrə keyfiyyət faktorunun sentyabrdan əvvəlki dövrlərə nisbətən kəskin surətdə pisləşdiyini göstərir.
Araşdırmaların nəticəsi olaraq təəccüblü və acınacaqlı fakt ondan ibarətdir ki, Delta Telekom şirkətinin endirimindən sonra real olaraq ölkə üzrə istifadə olunan internet trafikin həcmində heç bir ciddi dəyişiklik baş verməyib. Əvvəlki qaydada olduğu kimi yenə də ölkə üzrə təxminən 8 Gb/s internet trafikdən istifadə olunur .Bu isə deməkdir ki, əslində Provayderlər ucuz təklif olunan internetdən demək olar ki, istifadə etməyiblər.
Bunun əksinə olaraq Provayderlərin açıqlamaları, aparılan müşahidələr göstərir ki, son bir ayda ölkədə 5 mindən çox yeni ADSL istifadəçisi qeydiyyatdan keçib. Heç cür izahı olmayan bir durumun- istifadəçilərin sayının artmasına baxmayaraq kanal tutumunun artmaması ölkədə internetin keyfiyyətində hədsiz dərəcədə acınacaqlı bir vəziyyət yaradıb.
İnternet bazarında ən yüksək xüsusi çəkiyə malik Bakinternet Dövlət Provayderində ADSL istifadəçilərin sayı son 1 ay ərzində təxminən 3000 nəfər artıb. Araşdırmaların gözlənilməz hesab olunacaq nəticəsi ondan ibarətdir ki, bu müddət ərzində BTRİB tərəfindən Bakinternetin bağlantı kanalı tutumunda heç bir dəyişiklik aparılmayıb. Toplam 29 000 ADSL istifadəçisi olan bu Provayderin kanal tutumu yenə də əvvəlki həcmdə, nəinki 1 ay, hətta 5-6 ay öncəki vəziyyətdədir – cəmi 1.5 Gb/s . Rəsmi açıqlamalara görə, son dövrlərdə bu Provayderin müştərilərinin sayı 10 min nəfərədək artsa da, əslində , təəccüblü olsa da kanal tutumu 1Mb/s olsa da artmayıb. Normal xidmət üçün isə bu qurumun ən azı 2-3 Gb/s kanal tutumu olmalı idi.
Bakinternet, eləcədə digərləri Delta Telekom şirkətindən lazımı miqdarda trafik alınmasında müəyyən problemlərin olduğunu bildirilər. Araşdırmaların nəticəsi isə göstərib ki, bu cür acınacaqlı vəziyyətin səbəbi adı çəkilən Provayderin, həmçinin xeyli sayda digər povayderlərin Delta Telekom şirkətinə külli miqdarda borclarının yığılması ilə bağlıdır. Təkcə Bakinternetin bu şirkətə İnternet xidmətləri üçün yarım milyon manatadək borcu olduğu bildirilir.
AİF bildirir ki, istifadəçilər tərəfindən internet xidmətinin haqqının qabaqcadan ödənildiyi, ADSL istifadəçiləri üzrə Provayderlərin kifayət qədər vəsaiti qabaqcadan əldə etdiyi halda borcların olması anlaşılmazdır. Otuz minədək ADSL istifadəçisi olan Bakinternetin aylıq gəlirinin ən azı yarım milyon olmasını, BTRİB qovşaqlarının ən adi işçilərinin də ən bahalı xidməti maşınlardan istifadə etdiyini nəzərə alsaq borcun ödənilə bilməməsi anlaşılmazdır.
AİF bildirir ki, istənilən halda baş verənlərin əsas səbəbi RİTN tərəfindən düzgün tənzimləmə siyasətinin aparılmamağıdır. Kommersiya ilə ciddi olaraq məşğul oan bu qurum artıq İnternet bazarında tam dözülməz bir mühit formalaşdırıb. Normal tənzimləmə və nəzarət siyasəti olmadığından, dövlətə məxsus telekommunikasiya infrastrukturunda normal investisiya siyasəti aparılmadığından, kommersiya maraqları dövlət maraqlarından üstün tutulduğundan bu bazarda rəqabətyönümlü bir şərait formalaşa bilmir.
AİF ölkə rəhbərliyi tərəfindən bu sektorda beynəlxalq normalara uyğun tənzimləmə infrastrukturu yaradılması, RİTN-nin səlahiyyətlərinə aydınlıq gətirilməsi, dövlətin qurumlarının İnternet bazarında kommersiya fəaliyyətinə son qoyulması istiqamətində konkret addımlar atılmasını zəruri hesab edir.

AİF
Tel: 492 44 44
www.aif.az

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>