İnternet lisenziyalaşacaq?

Bu barədə jurnalistlərlə söhbətində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, bu fərmana yenidən baxılmasının səbəbi Azərbaycanda mobil xidmətin göstərilməsi üçün ayrıca lisenziyanın olmamasıdır. Əli Abbasov hesab edir ki, mobil rabitə üçün lisenziya ümumi lisenziyanın tərkib hissəsində olarsa, bu qiymətlərə də təsir etmiş olar. Nazirin bu bəyanatından sonra sözügedən fərmana ediləcək dəyişikliklərdə İnternetin də lisenziyalaşmasının müzakirə mövzusu olacağı barədə söhbətlər dolaşmaqdadır. İnternet Forumun prezidenti Osman Gündüz bizimlə söhbətində qeyd etdi ki, əgər belə bir qayda tətbiq edilərsə, bu, İnternetin inkişafına mənfi təsir göstərəcək.
Forum təmsilçisi hesab edir ki, bu, İnternet sahəsində mövcud inhisarçılığı bir qədər də artırmış olacaq. Osman Gündüz deyir ki, lisenziyalaşmanın tətbiqi İnternet istifadəçilərinin sayına da təsir göstərəcək. Qeyd edək ki, 2002-ci ildə prezident Heydər Əliyev tərəfindən imzalanmış sözügedən fərmanda lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı bir qədər azaldılmışdı. Yerli, eləcə də beynəlxalq qurumlar bu addımı yüksək qiymətləndirmişdilər.
Osman Gündüz bizimlə söhbətində qeyd etdi ki, yayılan məlumatlarla bağlı nazirliyə rəsmən müraciət edib. Nazirlikdən aldığı cavabda fərmana ediləcək əlavələr arasında İnternetin adının olmadığını deyiblər: “Məndə olan məlumata görə, hazırda bir sıra nazirlikdə, o cümlədən İqtisadi İnkişaf Nazirliyində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi müzakirə edilməkdədir. Ola bilər ki, fərmana ediləcək əlavələrdə mobil telefon, mobil rabitə, kabel televiziyası ilə bağlı müəyyən məqamlara aydınlıq gətirilsin. Amma bizi narahat edən məqam bundan sui-istifadə edib indiyədək lisenziyalaşmayan sahələrin də ora əlavə edilməsi ilə bağlı səslənə biləcək təkliflərdir”.
Osman Gündüz hesab edir ki, fərmana ediləcək əlavədə müəyyən xidmət növlərinə aydınlıq gətirilməsini müsbət hal kimi dəyərləndirmək lazımdır: “Müəyyən sahələr var ki, orada qiymətlərin konkretləşməsinə ehtiyac duyulur. Yəni hansı fəaliyyət növü üçün nə qədər rüsumun ödənilməsinə aydınlıq gətirilməlidir”.
Müsahibim indiki halda İnternet fəaliyyətinə lisenziyanın tətbiq edilməsi ehtimalının sıfıra bərabər olmasını söyləsə də, sürprizləri istisna etmir: “Biz ilyarım mübarizədən sonra İnternet istifadəçiləri üçün tətbiq edilən 3500 manatın ləğv edilməsinə nail olduq. Hesab edirik ki, bu, nazirliyin sözügedən sahənin inkişafı istiqamətində atdığı ən uğurlu addımlardan biri idi. Amma İnternet lisenziyalaşması ölkədə İnternetin inkişafını ləngidə, digər tərəfdən respublikanın imicinə zərbə vura bilər”.
Forum prezidentinin fikrincə, lisenziyalaşma məsələsi ortaya atılan kimi hazırda mövcud olan 22 provayderin sayı iki dəfə azalacaq: “Bilirsiniz ki, İnternet o qədər gəlirli sahə deyil. Provayderlərin haqq ödəməsi qanunla tənzimlənərəsə, bu onların fəaliyyətinin sonu deməkdir. Məncə, belə bir addım daha çox dövlət strukturlarının marağını müdafiəyə yönəldiləcək”.
Qeyd edək ki, elə nazirliyin əmri ilə dövlət provayderləri olan “Bakinternet”lə “Azinternet” birləşib. Nazir Əli Abbasov bunu son dövrlərdə daha çox müzakirə obyekti olan inhisarçılığın qarşısının alınması məqsədi ilə edildiyini söyləsə də, əks düşərgənin təmsilçiləri bu fikirdə deyillər. Elə həmsöhbətim də hesab edir ki, bu birləşmə heç də inhisarçılığın aradan götürülməsi demək deyil. Əksinə, Osman Gündüzün fikrincə, bu, qurumun fəaliyyətinin müəyyən mənada çevikləşməsinə şərait yaradacaq: “Normal məntiqə əsaslansaq, biznes qurumu nəhəng dövlət qurumu ilə rəqabət aparmaqda gücsüzdür. Dövlət provayderi səhiyyə, mədəniyyət və digər sahələrə pulsuz İnternet verməlidir. Dünya təcrübəsində dövlət provayderləri bölgələrdə ictimai İnternet mərkəzləri yaradır və onları təmin edir. Biz belə bir təcrübənin Azərbaycanda tətbiqini məqbul hesab edirik. Bu, İnternetlə yanaşı, özəl sektorun da inkişafına təkan vermiş olar”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>