“Startup Azərbaycan” layihəsinin yarımfinalçıları seçilib

startup_JPG“Məlum olduğu kimi, 43 startup “Startup Azərbaycan” müsabiqəsinə qatılmaqla bağlı müraciət etsə də, TK tərəfindən qaydalara uyğun olan 26 startup yarışmaya qəbul edilib. Ekspert Komissiyasının 10 üzvü müsabiqəyə qəbul edilən startupları mövcud kriteriyalara uyğun olaraq qiymətləndiriblər”. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ekspertlər startup layihələrinin təqdim etdikləri məlumatlar əsasında layihənin ideyası və davamlılığı, cəlbedici olması, riskləri, gəlirliliyi, əhatə dairəsi, komandanın təcrübəsi və digər istiqamətlər üzrə təhlil edərək qiymətləndirmə aparıblar: “Ekspertlərin qiymətləndirmənin nəticələrinə əsasən “Startup Azərbaycan” TK-nın qərarı ilə 15 startup seçilməklə mübarizəni davam etdirmək statusu qazanıb. Yarımfinalçılar 2-ci qiymətləndirmə mərhələsi üçün əhatəli biznes-planlar təqdim etməlidirlər. Bu məqsədlə “Startup Azərbaycan” yarımfinalçıları üçün 8 iyunda xüsusi təlimlər təşkil olunacaq. Təlim prosesində yarımfinalçılar biznes-planların yazılması, onların İnvestorlar üçün təqdimatlar hazırlaması, İnvestorlarla görüşlərə hazırlanması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi sahəsində bilik və bacarıqlar əldə edəcəklər. Təlim prosesində xarici ekspertlər də iştirak edəcək”.

“2-ci mərhələ səsvermədə startupların birbaşa Ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlarla çıxış etmələri nəzərdə tutulub. Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes-planlar əsasında “Startup Azərbaycan”ın finalçılarını müəyyən edəcəklər. “Startup Azərbaycan” tədbirlərinin yekununda finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq. “Startup Azərbaycan” yekun təqdimat mərasiminin isə 30 iyunda keçirilməsi planlaşdırılır”, – deyə O. Gündüz fikirlərinə əlavə edib

Qeyd edək ki, adıçəkilən layihəyə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. Baş sponsor Bakcell şirkətidir. Microsoft, İnfiPro şirkətləri də layihənin digər sponsorlarıdır.

sia.az

Samirə Abdullayeva

 

 

Comments are closed.