Məktubda ölkənin İnternet bazarında xeyli müddət davam edən və artıq dözülməz həddə çatan vəziyyətə diqqət yönəldilib. RİTN-ə və bütövlükdə ölkəyə fayda gətirməyən bu vəziyyətin, İnternet bazarında sərbəst və azad rəqabətin formalaşmamasının, İnternet xidmətlərinin kəskin bahalığı və keyfiyyətsizliyinin səbəblərini
araşdırmaq və aradan qaldırmaq yollarını aşkara çıxarmaq üçün birgə monitorinqin keçirilməsi və digər zəruri addımların atılmasına diqqət yönəlib.
Məktubda son dövrlərdə RİTN–nin bir sıra rəsmi şəxsləri tərəfindən qeyri-qanuni addımların atılması, qanunsuz və yanlış bəyanatların səslənməsi məsələsinə toxunulub. Qeyd olunub ki, RİTN rəsmiləri tərəfindən müvafiq qurumlar cəlb olunmadan qanunvericiliyin və beynəlxalq normaların tələblərinə zidd olan hüquqi sənədlər hazırlanır, milli internet ünvanların qeydiyyatı prosesinin RİTN tərəfindən qeyri-qanuni olaraq həyata keçirilməsinə haqq qazandıran çıxışlar edilir. Məktubda RİTN rəsmiləri tərəfindən bir sıra hallarda ictimaiyyətdə yanlış təsəvvürlərin, reallıqdan xeyli uzaq olan rəyin formalaşmasına xidmət edən açıqlamalın verildiyi bildirilib.
Məktubda həmçinin RİTN ilə vətəndaş cəmiyyəti arasında münasibətlərin, qarşılıqlı əməkdaşlığın zəifləməsi amilinə və onu yaradan səbəblərə diqqət yönəldilib. Vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlığın yetərli olmamasının, adı çəkilən qurumdan zəruri informasiyaların (Regional İnnovasiya zonası, Milli Peyk sistemi, elektron hökumət quruculuğu haqqında və s.) əldə edilməsi imkanlarının mümkünsüzlüyünün sonda bu sahədə qeyri-sağlam mühitin formalaşmasına gətirib çıxaracağı vurğulanıb.
Məktubda İnternet bazarındakı köklü problemlərin həlli ilə bağlı İnternet ictimaiyyətinin geniş təbəqələrinin iştirakı ilə son dövrlərdə AİF tərəfindən aparılan müzakirələr barədə məlumat verilmiş və bu qurumun irəli sürdüyü təkliflərə RİTN tərəfindən ciddi yanaşılması xahiş olunub.
AİF
Tel: 492 44 44
www.cit.az
www.aif.az